Qeydiyyat formu

Qeydiyyat Formunu doldurun . Erkən qeydiyyat


  • info@eye.gov.az

"Müasir oftalmologiyanın son nailiyyətləri və aktual problemləri"

GƏNC OFTALMOLOQLARIN XII ELMİ-PRAKTİKİ KONFRANSI,
Naxçıvan 2018 30 Noyabr

Naxçıvan haqqında

Naxçıvan - Naxçıvan Muxtar Respublikasının paytaxtı olan bu şəhər, tarixin müxtəlif dövrlərində Azərbaycan Atabəyləri və Naxçıvanşahlıq dövlətlərinin və Naxçıvan xanlığının da paytaxtı olmuşdur.

Müasir Naxçıvan şəhəri qədim, antik və orta əsr şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir.

Ən qədim yer adlarından olan “Naxçıvan” toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. Yəhudi tarixçisi İosif Flavi Nuhun gəmisinin dayandığı yer olaraq "Apobaterion" (yun. Αποβατήριον) toponimini qeyd edir ki, adı çəkilən toponim də məhz müasir Naxçıvan şəhərinə aid edilir. Hübşmanın istinad etdiyi Bibliyadakı Nuh tufanı hadisəsinə əsaslanan versiyanın yozumuna görə “Naxçıvan” sözü üç hissədən – “Nax” (Nuh), türk dillərində isim düzəldən şəkilçi olan “-çı” şəkilçisi və türk dilində yer, məkan bildirən “van” toponimik formatından ibarət olub, “Nuhçuvan” – Nuhçuların (Nuh tərəfdarlarının) məskəni”, “Nuhun diyarı” deməkdir.

Naxçıvan müxtəlif dövrlərdə Əbu Əbdüllah əl-Müfərric Nəşəvi, Hinduşah Naxçıvani, Məhəmməd Naxçıvani, Nəcməddin Naxçıvani, Fəzlullah Nəimi,  Cəlil Məmmədquluzadə, Məmməd Səid, Hüseyn Cavid və s. kimi Azərbaycan elminə, bütün Yaxın və Orta Şərqdə şöhrət qazanmış onlarla görkəmli alim, mütəfəkkir, filosof, hüquqşünas, tarixçi, filoloq, təbib, yazıçı və ilahiyyatçı bəxş etmişdir.

Tarixin amansız dövrlərində Naxçıvanda ən böyük təsəvvüf təriqətlərindən biri olan Hürufilik intişar tapmışdır. Həmin təriqətin banisi olan Fəzlullah Nəimi isə 1395 – ci ildə Miranşah tərəfindən Naxçıvanda edam etdirilmiş, daha sonra onun məzarı üzərində türbə və Əlincəçay xanəgahı inşa edilmişdir. Bu dövrlərdə Naxçıvan əhalisi Əlincə qalasında dövrün fatehi Əmir Teymur qoşunlarına 14 il (1387 – 1401) inadlı müqavimət göstərmişdir.

Naxçıvan MR-in əhalisi əsasən Azərbaycan türklərindən ibarətdir. Burada həmçinin ruslar, gürcülər, kürdlər və sair xalqların nümayəndələri də yaşayır.

Muxtar Respublika ərazisini əsasən Dərələyəz və Zəngəzur silsilə dağları və Araz çayı boyu düzənlikləri əhatə edir.  Ərazidə Araz, Naxçıvançay, Əlincəçay, Gilançay Şərqi Arpaçay çayları axır. Muxtar respublikanın ərazisində 250–dən artıq mineral su mənbəyi qeydə alınmışdır.

Görməli yerlərinə Yusif Küseyir oğlu, Gülüstan, bir sevgi abidəsi olan Möminə Xatın türbələri, xalqın istilaya qarşı 14 il müqavimət göstərdiyi əzmkarlıq rəmzi olan Əlincə qalası,  Nuh peyğəmbərin gəmisinin toxunub dayandığı hesab edilən Gəmiqaya abidəsi, Haçadağ, Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi, müqəddəs “Qurani-Kərim”in “Əl-Kəhf” surəsində haqqında bəhs edilən “Əshabi-Kəhf” mağarasını, Batabat-Ağbulaq kimi yerləri göstərə bilərik. Muxtar respublika ərazisində turistlərin marağı nəzərə alınmaqla Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Gəmiqaya, Naxçıvan-Qarabağlar, Naxçıvan-Batabat-Ağbulaq və Naxçıvan-Gülüstan turist marşrutları hazırlanıb.